0
comments

POSTMODERNİZM (Tənqid.net)



OXUNMA SAYI: 253, TARİX: 2008-12-12 11:29:37
Qorxmaz Quliyev, filoloji elmlər doktoru
XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə verən inqilablar və dünya müharibələri ilə bağlı bəşər cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər boyu cilalanmış əxlaqi prinsiplərin və mənəvi-ruhani dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə rəqabət aparan, "həqiqət yalnız məndədir" deyə bir-birinin dünyaduyum prinsiplərini və dünyagörmə bucaqlarını və təbii ki, bədii təcəssüm üsul və vasitələrini qətiyyətlə inkar və rədd edən, bir-birini kaleydoskopik rəngarəngliklə əvəz edən modernist estetik konsepsiyaların meydana gəlməsinə və meydandan çıxmasına səbəb oldu.

Bütün XX yüzillik ərzində modernist cərəyanların başgicəlləndirici sürəti uzun əsrlər boyu formalaşmış estetik dəyərlərin iyerarxiya sisteminin dağılması ilə nəticələndi. Mərkəzdənqaçma meylləri cəmiyyətin bütün səviyyələrində, o cümlədən insanlararası münasibətlər sahəsində labüd atomlaşmaya aparırdı. Bu prosesin qarşısını almaq üçün, nəyin bahasına olursa-olsun, klassik dəyərləri bərpa etmək zəruriyyəti meydana gəlmişdi. Bunun üçünsə ən kəsə yol, demək olar ki, bütün modernist estetik konsepsiyalarda aparıcı kateqoriyalara çevrilmiş eybəcərlik, disqarmoniya və sairədən imtina edib yenidən gözəllik, harmoniya kimi klassik kateqoriyalara qayıtmaqdan keçirdi. Lakin bu da bir həqiqətdir ki, müxtəlif modernist cərəyanların yaranmasına rəvac verən humanitar böhran XX əsrin sonlarında nəinki səngiməmişdi, bəlkə də burjua insan konsepsiyasının ardınca sosialist insan konsepsiyasının da süquta uğraması nəticəsində tarixi perspektivin birdəfəlik itməsi ilə bağlı daha da dərinləşmişdi. Əlbəttə ki, belə bir şəraitdə klassik estetik durumu bərpa etməkdən söhbət gedə bilməzdi. Odur ki, postmodernizm klassik ənənə ilə hadisələrə və insana modernist baxışları çulğaşdırmağa, klassik və modernist ovqatları bardırmağa məcbur idi.
"Postmodernizm" anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli informasiya əldə etmək olar: söz özü haqqında çox şey deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə (“post”) aid edir. İkincisi, postmodernizm modernizmlə münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir: bir tərəfdən postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki "modernizm" sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundamental müddəalarından imtina edir, yoxsa yenə də elə həmin “post” sözü vasitəsilə özü ilə modernizm arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çapdırmazdı.
"Postmodernizm" anlayışı eyni zamanda birbaşa ifadə etməsə də, dolayısı ilə modernizmdən əvvəl mövcud olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu ifadə edir. Yeri gəlmişkən, bəşər nəslinin bütün tarixi boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rabedən keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların aparıcı xüsusiyyəti kimi özünü büruzə verir.
Lakin anlayışda "modernizm" sözünün xüsusi olaraq vurğulanması hər halda onun klassik ənənələrə nisbətən modernizmə daha yaxın olmasına, onunla daha sıx əlaqədə olmasına dəlalət edir.
Heç də təsadüfi deyildir ki, postmodernizmin ən tanınmış ideoloqlarından biri olan J.Liotar "Postmodern uşaqlara izah qismində" kitabında postmodernizmin modernizm içərisində gizlənərək onun tərkib hissəsinə çevrilməsi faktını vurğulayırdı.
Bununla yanaşı, postmodernizmin ideoloqları öz proqram səciyyəli əsərlərində həm ümumfəlsəfi, həm də estetik fikir sahələrində həm klassik, həm də qeyri-klassik (modernist) dünyaduyum və dünyagörüş konsepsiyalarından fərqli prinsiplərdən çıxış etdiklərlni iddia edirlər. Lakin postmodernistlərin konseptual yönümlü mülahizələrinə fikir verdikdə məlum olur ki, postmodernizm dünyagörüş sistemi kimi genetik baxımdan ondan əvvəl bu və ya digər kombinasiyalar şəklində modernizmin nəzəri bünövrəsini təşkil etmiş poststrukturalizm, struktur psixoanaliz, semiotika, dialoq fəlsəfəsi kimi qeyri-klassik konsepsiyalara əsaslаnır.
Dünyaduyum və dünyagörüş kimi postmodernizmin modernizm ilə yaxınlığı onların ikisinin də eyni qaynaqdan - XX əsrin əvvəllərindən başlayaraq get-gedə dərinləşən və kəskinləşən insan böhranından bəhrələnməsi ilə bağlıdır. İntəhası, modernizm yeni-yeni özünü büruzə verən fəlakətə ilkin reaksiya qismində mübarizədir, barışmazlıqdır, dağılmaqda olan şəxsiyyəti hətta onu inkar edərək hər vəchlə xilas etmək cəhdidir. Bu baxımdan "Ultramanifestlər" əsərinin müəllifi Q.Torrenin aşağıdakı deyimi səciyyəvidir. "Mən özüm. Sən özün. O özü. Cəm halı rədd edərək Mənəmliyi vəsf edək. Bizi təkrar etmək olmaz. Bizi məhdudlaşdırmaq olmaz. Başlıcası isə biz tayı-bərabəri olmayan Mənimizdən inadla yapışmışıq. Mən özüm özümün səbəbiyəm. Mən özüm özümün tənqidçisiyəm. Mən özüm özümün hüduduyam. Mən mənəmliyin yüksəkliyini və əvəzolunmazlığını təsdiq edirəm. Mənəmlik həmişə novatorun və üsyankarın mənəvi məziyyətlərindən birincisi olmuşdur və birincisidir". Bu deyimdə bütün modernist insan konsepsiyaları üçün səciyyəvi olan bir şəkildə, nəyin bahasına olursa-olsun, amansız kataklizmlər dönəmində "Mən"i qorumaq əzmi ilə bunun qeyri-mümkünlüyündən doğan ümidsizlik hissi birləşib üzvi vəhdət təşkil edir.
Postmodernizm isə mübarizədən imtinadır, böhranla barışıqdır. Postmodernizmin insan konsepsiyasının mahiyyətini səciyyələndirərək A.Turen belə hesab edirdi ki, əgər modernizm “Mən”in müstəsna dəyərə malik olması ideyasını bəyan edirdisə, postmodernizm onun parçalanması fikrini ön plana çəkir. Postmodernistlərin fikrincə, “Mən” fenomeninin özü tarixin müəyyən mərhələsində meydana gәlmişdir və məhz buna görə də keçici xarakter daşıyır. Bununla bağlı M.Fuko özünün məşhur "Sözlər və şeylər" əsərində yazırdı: "Əgər biz nisbətən qısa xronoloji kəsimi və qısa coğrafi üfüqü - XVI əsr Avropa mədəniyyətini götürsək, inamla demək olar ki, insan bu yaxınlarda edilmiş kəşfdir. Yalnız bir əsr yarım bundan əvvəl başlanmış və ola bilsin ki, bu yaxınlarda başa çatacaq bir dövr insan obrazını ortaya qoymuşdur. Və bu heç də son dönəmlərin oyatdığı narahatlıq hissindən xilas olmaq, minillik qayğıdan gözqamaşdırıcı aydınlığa keçid deyildi. Bu, sadəcə, biliklərin məqsədlərinin dəyişməsinin nəticəsi idi. Əgər bu məqsədlər meydana gəldikləri kimi də yoxa çıxsalar, əgər hər hansı bir hadisə (bu hadisənin forma və məzmunu haqqında təsəvvürə malik olmadan biz yalnız onun mümkünlüyünü fərz edə bilərik), XVII əsrin sonlarına yaxın klassik düşüncə tərzi dağılıb məhv olduğu kimi, “Mən”i ön plana çəkən məqsədləri yox edəcək və onda - buna tam zəmanət vermək olar - insan sahildə qumun üstündə çəkilmiş sima kimi silinib gedəcək".
U.Eko özünün "Yenilik və təkrar. Modern və postmodern estetikası arasında" məqaləsində modernizm və postmodernizm arasında estetik planda mövcud olan münasibətlərin dialektikasını mümkün qədər hərtərəfli açıqlamağa cəhd göstərmişdir. Özü həm sənətkar, həm də alim qismində dünyagörüş və dünyaduyum baxımından modernist kimi formalaşmış U.Eko sonralar böyük daxili sarsıntılar hesabına (bu həm adını çəkdiyim məqalənin, həm də yazıçının məşhür "Qızıl gülün adı" romanının kontekstindən hiss olunur) tədricən postmodernist mövqeyə keçmişdir və öz elmi və yaradıcılıq prioritetlərini dəyişdirməsini ümumən estetik fikir sahəsində paradiqmanın dəyişməsinin labüdlüyü ilə izah etmişdir.
İtalyan aliminin fikrincə, modernizmin əsas paradoksu onunla bağlıdır ki, bütün modernist bədii-estetik konsepsiyalar daim təkrarsızlığa, mütləq yeniliyə, nabələdlər və cahillər üçün qıfıllanmış, yalnız onların ifadə tərzlərinin bütün incəliklərinə bələdlər üçün açıq olan ezoterik dildə danışmağa cəhd edirlər, amma nədənsə onların kəşfləri dərhal ən bəsit dəyərlərin daşıyıcısı olan kitç tərəfindən bayağılaşdırılaraq mənimsənilir və elə bu şəkildə də istehlakçıya ötürülür. Zahirən yüksək sənət əsərini xatırladan, lakin daxilən bayağı olan, hər hansı bir dəyərdən məhrum məmulatlar istehsal etməklə məşğul olan kitç bütün modernist cərəyanların genetik mərəzidir, onların qanını soran tüfeylidir. Avanqard (modernizm) ağır-ciddidir, kitç yüngüldür, amma ciddilik iddiasındadır. Avanqard yaradıcıdır, kitç yaradıcılıqdan məhrumdur; o bunu gizlətmir, əksinə, bununla fəxr edir. Kitç avanqardın yaratdığı dəyərləri konsistensiyadan məhrum edir, yüngülləşdirir, ən geniş kütlənin başa düşməsi və çətinlik çəkmədən həzm etməsi üçün bəsit dilə çevirir. Lakin arada bədii nümunənin kvintessensiyası da yoxa çıxır - bir növ, F.Nitsşenin fövqəlbəşər insanı bayağı Amerikan filmlərinin supermen qəhrəmanına dönür.
Avanqardla kitç daim qarşılıqlı şəkildə bir-birini rədd edirlər, amma bir-birisiz keçinə bilmirlər; kitç olmasa, avanqard insanlarla ünsiyyətini itirər, tədricən xarici impulsdan məhrum olub sısqalaşar və məhv olub gedər. Avanqard olmasa, kitç təqlidetmə qaynağından məhrum olar və yoxa çıxar.
Kitçin ciddilik iddiası onun bayağılığını qabarıq şəkildə üzə çıxarır, odur ki, intellektual auditoriya ikrah hissi ilə ona arxa çevirir.
Avanqardın dəyərlər yaratmaq və kitçin bu dəyərləri kütləviləşdirmək qabiliyyətlərini nəzərə alaraq postmodernizm onları barişdırmağa, əl-ələ verib birgə fəaliyyətdə bulunmaqlarına rəvac verməyə çalışır. Məhz bu məqamda postmodernizmin öz qaynaqlarına ambivalent münasibəti ortaya qoyulur: postmodernizm bir tərəfdən avanqard ilə kitç arasında fərqi görür və bu fərqi vurğulayır, digər tərəfdən, onları barışdırmağa cəhd göstərir; bir tərəfdən avanqardı və kitçi təsdiq edir, digər tərəfdən inkar edir. Postmodernist istehzaya köklənmiş bu ambivalentlik postmodernizmə, kitçdən fərqli olaraq, intellektual auditoriyanın diqqətini cəlb etmək imkanı verir. Kitç kimi postmodernizm də bu və ya digər bədii nümunənin bu və ya digər səviyyədə mexaniki "hazırlanma" aktının nəticəsi olduğunu gizlətmir, əksinə, onun açıq və yaxud üstüörtülü sitatlardan, iqtibaslardan, işarələrdən ibarət olduğunu nəzərə çarpdırır, lakin bütün bu vurğulama, nəzərə çarpdırma prosesi istehza ilə müşayiət olunduğuna görə intellektual auditoriya bu üstüörtülü sitatların mənbəyini axtarıb tapmaqla bir növ intellektual krossvord həll edir və əylənir.
Bu göstərir ki, postmodernizmi tamamilə modernizmə müncər etmək olmaz; bütün oxşar cəhətlərə baxmayaraq, bu iki konsepsiya arasında prinsipial fərqlər mövcuddur. Həqiqətdir ki, hal-hazırda tədqiqatçılar çoxsaylı faktlara əsaslanaraq belə bir nəticəyə gəlirlər ki, əgər müxtəlif modernist cərəyanlar klassik estetik fikrin çağdaş insanın durumuna adekvat olmayan süjet, personaj, melodiya, harmoniya kimi kateqoriyalarından qəti şəkildə imtina edirdilərsə, postmodernizm onları bərpa etməyə, yenidən dövriyyəyə buraxmağa cəhd göstərir. Bu baxımdan postmodemizm ən azı bədii-estetik fikrin inkişafı spiralının yeni burumunda klassik ənənəvi-estetik kateqoriyaların təsdiqi/inkarıdır.
XX əsrin ikinci yarısında təşəkkül tapmış, bütün humanitar elmləri və incəsənət sferasını ehtiva etmək, eyni zamanda, təbiət elmləri sahəsində mövcud olan ən yeni konsepsiyalarla əl-ələ verib birlikdə maksimum geniş müstəvidə dünyanı izah etmək iddiasında olan və həqiqətən də son dövrlərdə sosial-siyasi qloballaşmanın analoqu qismində universal ümum-mədəni hadisəyə çevrilmiş postmodernizm haqqında ətraflı və müfəssəl məlumat vermək faktiki olaraq dünya və insanla bağlı bütün mövcud bilikləri əhatə etmək niyyəti kimi dəyərləndirilə bilərdi. Bu isə bir məqalənin çərçivəsində qeyri-mümkündür və xüsusilə də məhdud görmə bucağına malik müəllifin imkanları xaricindədir. Məhz buna görə də bu yazıda postmodernizmin yalnız estetik məsələlərlə bağlı bəzi aspektləri işıqlandırılacaq. Lakin qeyd etmək lazımdır ki, bu özünüməhdudlaşdırma müəllifinizi iki çətinliklə üz-üzə qoyur: birincisi, postmodernizmin estetik konsepsiyası onun vahid dünyagörüşünün üzvi tərkib hissəsidir. Buna görə də istər-istəməz postmodernist şərhdə bəzi çağdaş fəlsəfi, sosioloji, psixoloji və sairə problemlərə toxunmaq lazım gəlir. İkincisi, postmodernizm diaxron kəsimdə bəşər nəslinin bütün bədii irsini özümlü şəkildə ehtiva etmək iddiasındadır. Əlbəttə ki, bu problemlərə hətta xülasə şəklində toxunmaq belə imkan xaricindədir.
"Postmodernizm" anlayışına ilk dəfə R.Pankvistin "Avropa mədəniyyətinin böhranı" (1917) əsərində təsadüf olunur. Müəllif bu anlayışı Birinci dünya müharibəsi ilə bağlı Qərb sivilizasiyasının onsuz da müharibə ərəfəsində ağır olan vəziyyətinin faciəvi xarakter kəsb etməsini nəzərə çarpdırmaq üçün işlətmişdir. Bu dövrdə "postmodern" anlayışı əsasən sosioloji-ideoloji səciyyəyə malikdir və estetik fikirdə modernizm qeydsiz-şərtsiz hökm sürür.
İngilis tarixçisi A.Toynbi 1947-ci ildə yazdığı “Tarixin öyrənilməsi” əsərində yenidən "postmodernizm" anlayışına müraciət edir. Müəllif məşhur alman tarixçisi-filosofu O.Şpenqlerin sivilizasiyaların hermetik şəkiidə bir-birindən təcrid olunması və bu zəmində labüd şəkildə süquta uğraması konsepsiyasını din və mədəniyyət sahəsindən gətirdiyi misallarla sübuta yetirmək üçün postmodernizmə kulturoloji məna verir.
Postmodernizmin bir anlayış kimi nə zaman və hansı kontekstdə yaranması haqqında bizdə dəqiq məlumat olsa da, onun bütün humanitar sferanı əhatə edən universal düşüncə tərzi kimi təşəkkül tapma məqamı və konkret şəraitini müəyyənləşdirmək böyük çətinliklərlə bağlıdır.
Bir qayda olaraq, postmodernizmin bir dünyagörüş mövqeyi kimi təşəkkülünü və bir elmi-estetik konsepsiya kimi formalaşmasını 1950-ci illərin əvvəllərinə aid edirlər. Lakin bu prosesin ayrı-ayrı əlamətlərinə, müxtəlif təzahür formalarına 1930-cu illərdə, hətta ondan xeyli əvvəlki dövrlərdə təsadüf olunur: postmodernizm həqiqətən tədricən modernizmin içində yetişmişdir. Postmodernist ideoloqların öz konsepsiyalarına diaxron kəsikdə də universal xarakter vermək, onun dünyagörüşünün elementlərini mümkün qədər uzaq keçmişdə axtarıb tapmaq cəhdlərini çağdaş italyan alimi və ədibi Umberto Eko istehza llə "Homerin özünü postmodernist elan etmək" niyyəti kimi dəyərləndirmişdir. Postmodernizmin keçmişə kök salmaq cəhdiəri iki səbəblə bağlıdır: bir tərəfdən ümummetodoloji planda onun ideoloqları təmsil etdikləri konsepsiyanın bütün ictimai, mədəni, fəlsəfi-estetik hadisələr klmi boş bir yerdə meydana gələ bilməsinin qeyri-mümkünlüyündən və tədricən özündən əvvəlki, bəzən hətta kardinal şəkildə təbiətinə yad hadisələrin içərisində yetişməsi müddəasından çıxış etmişlər.
Onların fikrincə, aposteriori, yəni postmodernizm bir sabit dünyagörüş mövqeyi kimi təşəkkül tapıb formalaşandan sonra bu əvvəllər gözəgörünməz əlaqə və münasibətləri üzə çıxarmaq, onların postmodernizmin təşəkkülündə rolunu izah etmək mümkün olmuşdur.
Digər tərəfdən, postmodernizm heç vaxt bəşər nəslinin bütün tarixi boyu əldə etdiyi nailiyyətləri həzm-rabedən keçirmək, özününküləşdirmək iddiasından imtina etməmişdir. Postmodernizm daim klassik dəyərlərə istinad edərək, onları yeni zəmində canlandırmağa çalışmışdır. Postmodernizmin erkən ideoloqlarından biri H. Arendt postmodemizm düşüncə tərzinin formalaşdığı mədəni şəraiti səciyyələndirərək yazırdı: "Ənənənin ipi artıq qırılmışdır və çətin ki, bir də onu düyünləyib bərpa edə bilək. Keçmişin aramsızlığı məhv olub getmişdir. Lakin buna baxmayaraq, keçmiş yoxa çıxmamışdır; biz yenə də onunla üz-üzə durmuşuq. Fəqət bu, artıq fraqmentlərə parçalanmış tarixdir".
Alman alimi burada bir tərəfdən XX əsrin sosial kataklizmlərinin, digər tərəfdən humanitar düşüncə sahəsində modernizmin inkaredici-dağıdıcı fəaliyyətinin nəticəsində klassik ənənələrə söykənən bütün dəyərlərin düşdüyü acınacaqlı vəziyyəti və belə bir şəraitdə fəaliyyətdə bulunmağa məcbur olmuş postmodernizmin bu duruma mümkün münasibətinin mahiyyətini açıqlayır. Müəllif əmindir ki, modernizm tərəfindən qapıdan qovulan, lakin elə həmin an pəncərədən geri qayıdan keçmişsiz keçinmək olmaz. Amma axı, keçmişin bu günə düşməsinin səbəbi təkcə modernizmin nəzəri fəaliyyətinin nəticəsi deyil, eyni zamanda XX əsrin ağır böhranlarına məruz qalmış insanın özünün artıq dünyanı bütöv kimi dərk etmək qabiliyyətindən məhrum olması ilə bağlıdır: artıq bu bir faktdır ki, çağdaş insan üçün keçmiş bütün məqamları bir-birinə pərçimlənmiş, bir-birindən törəyən və bir-birini izah edən fasiləsiz və vahid bir proses kimi yox, aralarındakı bütün əlaqələr qırılmış, bir-birindən təcrid olunmuş qəlpələr kimi təzahür edir. Məhz buna görə də postmodernist dönəmdə keçmişin bütöv bərpası artıq mümkün deyil, sitat ona müraciətin əsas formasına çevrilmişdir.
Moderndən sonrakı dövrdə həm diaxron-şaquli, həm də sinxron-üfüqi zaman müstəvilərində humanitar sferada bütün mövcud olmuş və mövcud olan hadisələri təhlil süzgəcindən keçirmək və təcəssüm etmək niyyəti postmodernizmin semantik dairəsinin sürətlə genişlənməsinə səbəb oldu; ümumiyyətlə, ekstensiv inkişaf postmodernizmin özəl xüsusiyyətlərindən biridir. Məhz bu cəhət konsepsiyanın tədqiqatçılarından biri olan Q.Künqə postmodernizmin tarixi-ədəbi və yaxud nəzəri-memarlıq kateqoriyası olmaqdan daha artıq ümumdünya-tarixi anlayışı olması nəticəsinə gəlməsinə əsas vermişdir. Problemi bir qədər başqa rakursdan işıqlandıran Z.Bauman postmodernizmi "sosial gerçəkliyin inkişafında yeni dövr olmaqdan daha çox şüurun irəliləyişində yeni dönəm" kimi dəyərləndirmişdir. Göründüyü kimi, tədqiqatçı heç də postmodernizmin sosial gerçəkliklə bağlı olması faktını inkar etmir, lakin onu bir növ "daxililəşdirərək" qnoseoloji aspektini ön plana çəkmişdir.
***
Məlum həqiqətdir ki, bəşər nəsli bu günə qədər gerçəkliyin cəmisi iki - elmi və bədii dərk olunma formalarını kəşf etmişdir. Gerçəkliyin hadisələrinə müxtəlif yönümlərdən yanaşan bu izahetmə formaları bir qayda olaraq bu hadisələri fərqli şəkildə görmüş və işıqlandırmışlar; təbiət elmləri dəqiq-müşahidə, bədii dərk isə emosional münasibət prinsiplərindən çıxış etmişlər. Bu iki qütb arasında qalmış humanitar yönümlü elmlər bir tərəfdən dəqiqliyə meyl etmiş, digər tərəfdən emosional münasibət prinsipindən yaxa qurtara bilməmişlər. Bu isə gerçəkliyin eyni hadisələrinin müxtəlif, ziddiyyətli, bəzən bir-birini rədd edən təqdimat formalarının yaranmasına səbəb olmuşdur.
Halbuki insanın nəzərləri qarşısında dayanan və insandan şərhini tələb edən dünya vahid və bölünməzdir. Dünyanın bütövlüyü ilə onun dərk olunması prosesi arasındakı zaman-zaman özünü büruzə verən bu haçalanma gerçəkliyin adekvat izahına imkan verməmişdir. Əslində belə bir izah heç mümkün də deyil; gerçәkliyin dərk olunması prosesində insan onun dəqiq-doğru izahına maksimum yaxınlaşa bilər, lakin heç vaxt tam şəkildə ona nail ola bilməz. Mən burada, əlbəttə ki, nisbi adekvat izahı nəzərdə tuturam.
Dünyanın dərkolunma formaları arasındakı bu antinomiyanı aradan qaldırmaq üçün hər iki - həm elmi, həm də bədii fikir tərəfindən təşəbbüslər olmuş, onların dünyanı görmə və izahetmə bucaqları arasındakı fərqi tamam yox etmək mümkün olmasa da, hələ postmodernist konsepsiya təşəkkül tapmazdan əvvəl və onun kontekstindən kənarda onları maksimum yaxınlaşdırmaq, bu zəmində də gerçəkliyin adekvat təcəssümünə nail olmaq cəhdləri mövcud olmuşdur. XIX əsrin ortalarından başlayaraq bu meyl daha da güclənmişdir.
Düzdür, xüsusilə ilk dövrlərdə dünyanı dərk etmənin bu iki mövcud forması arasında qarşılıqlı meyl yox idi və onların münasibətləri birtərəfli hərəkət üçün nəzərdə tutulmuş yolu xatırladırdı: təbiət elmləri tərəfindən bədii fikrin nailiyyətləri hesabına zənginləşmək meyli çox da hiss olunmurdu. Halbuki, əks istiqamətdə - dünyanın obrazlı dərkindən elmi dərkə doğru intensiv hərəkət niyyəti nəzərə çarpırdı. Bədii fikrin təbiət elmlərinin metod və prinsipləri hesabına öz dünyanı dərk imkanlarını genişləndirmək əzmini ifadə edən Q.FIober yazırdı:."Mənə elə gəlir ki, böyük sənət elmi və şəxssiz olmalıdır".
Q.FIoberin bu müddəasını bədii fikrin qeydsiz-şərtsiz prinsipi, harada isə zəmanənin imperativi kimi qəbul edən naturalizmin banisi və nəzəriyyəçisi E.Zolya təbiət hadisələrini bütün dolğunluğu ilə araşdırmağa can atan elmlərdən, xüsusilə biologiya və fiziologiyadan nümunə götürməyə, insanı və cəmiyyəti həmin-elmlərin metod və prinsiplərini rəhbər tutaraq maksimum hərtərəfli şəkildə öyrənməyə və inikas etməyə çağırırdı. Naturalizmin “eksperimental roman" anlayışı təcrübəni, hərtərəfli təsviri dünyanı dərkin yeganə adekvat forması hesab edən elmi təsəvvürlərin təsiri altında formalaşmışdır.
Zaman keçdikcə bədii-obrazlı fikrin elmi prinsiplərə yiyələnməsi prosesi genişlənmiş və şaxələnmişdir: bir qayda olaraq modernist cərəyanlardan hərəsi özünü elmin və texnologiyanın bilavasitə konkret bir sahəsi ilə bağlanmış elan edirdi. Belə ki, futurizm özünün timsalında bədii fikri müasir texnologiyanın əlavəsi hesab edir, sürrealizm poetik dünyaduyumu psixoanalizin təhtəlşüur konsepsiyası təməlində dərk etməyə çalışır, əsl və yeganə gerçəklik hesab etdiyi fövqəlgerçəkliyi məhz şüuraltının adekvat inikası əsasında mümkün olması ideyasını təsdiq edir, kubizm isə artıq öz adında həndəsə elmi ilə bağlılığını ön plana çəkirdi.
XX əsrin aparıcı modernist cərəyanları arasında ekzistensializm bəlkə də yeganə bədii konsepsiya idi ki, dünyanın elmi dərk formalarını qətiyyətlə rədd edirdi. Lakin bu da bir həqiqətdir ki, "təmiz" ekzistensialist bədii ədəbiyyatın nümunələri, məsələn, J.-P.Sartrın romanları və pyesləri ekzistensialist fəlsəfənin bədii illüstrasiyasından başqa bir şey deyildilər, yəni əslində tətbiqi səciyyəyə malik idilər.
Lakin ümumiyyətlə XIX əsrin ortalarından başlayaraq həqiqətən də dərin böhrana məruz qalmış insanı adekvat şəkildə təcəssüm etmək iqtidarında olmayan bədii fikrin özü uzun əsrlər boyu formalaşmış, cilalanmış, öz sahəsində həqiqətən kamil dünyanı dərk alətinə çevrilmiş prinsiplərindən imtinası və onları elmi-texnoloji prinsiplərin surroqatı ilə əvəz etmək cəhdi göz qabağındadır. Eyni zamanda, XX əsrin ortalarına kimi təbiət elmləri dünyanın bədii dərkini, habelə humanitar elmləri, onların özümlü xüsusiyyətləri ilə bağlı təhlil prosesini riyazi metodları prinsipial şəkildə tətbiq edə bilmədiklərinə görə qeyri-elmi hesab edir, onlara yuxarıdan aşağı baxırdı.
Düzdür, bununla yanaşı A.Eynşteynin özünün bir mütəfəkkir və bir alim kimi formalaşmasında dövrünün məşhur fiziklərinin elmi konsepsiyalarından daha artıq F.Dostoyevski ədəbi yaradıcılığının təsir göstərməsi haqqında etirafı və yaxud N.Borun kosmik harmoniyalarını təcəssüm etməyin dəqiq elmlərə yox, incəsənətlərə nəsib olması ilə bağlı mülahizəsi mövcud idi. Lakin bu tipli gəlişigözəl deyimlər incəsənətin təbiət elmləri ilə bərabər hüquqlu, adekvat dünyanı - dərk üsulu olmasını təsdiq etməkdən daha çox, ona tərəf bir reverans idi, şikəst balanı oxşayaraq onun könlünü almaq idi. Hətta bədii ədəbiyyatsız keçinə bilməyən psixoanaliz də bədii nümunələrdən illüstrativ material kimi istifadə edirdi. Belə ki, Z.Freyd və K.Yunq bədii nümunələrə bol-bol müraciət edərək öz konsepsiyalarının bu və digər müddəasını sübuta yetirmək məqsədini güdürdülər.
Alman filosofu V.Vindelband gerçəkliyi dərk etmənin metodları baxımından təbiət elmlərinin və humanitar elmlərin diametral şəkildə bir-birindən fərqli olmasını nəzərə alaraq göstərir ki, birincilər hadisələr arasında sabit və təkrar olunan əlaqələrin mövcudluğu faktından çıxış edərək ümumi qanunları üzə çıxarmaq iddiasındadır, ikincilərsə yalnız ayrı-ayrı faktları bir-birindən təcrid olunmuş şəkildə təsbit etmək məqsədini güdürlər. V.Vindelbandın dediklərini inkişaf etdirərək Q.Rikkert təbiət elmlərinin ümumiləşdirici metodlara, humanitar elmlərin isə fərdiləşdirici metodlara söykəndiyini iddia edirdi. Klassik təbiətşünaslıq özünün metodologiyası əsasında vahid, təkrarolunmaz, fərdi səciyyəli hadisənin mümkünlüyü ideyasını istisna edir və onu humanitar elmlərin müstəsna səlahiyyəti hesab edirdi.
Bütün humanitar yönümlü elmlərin metodoloji məhvəri rolunu oynayan tarixə münasibət xüsusilə mənfi idi. Q.Rikkertin fikrincə, tarix əsl elm deyil; elm ilə tarix dünyanı dərkin iki bir-birinə zidd qütbüdür. Belə hesab olunurdu ki, hər hansı bir elmi qanunauyğunluq yalnız eyni şərtlər gözlənildikdə təkrar-təkrar aparılan eksperimentlər həmişə eyni nəticəni verdiyi halda üzə çıxarıla və tətbiq oluna bilər. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda tarix sözün mütləq mənasında elm deyil. Tarixin təbiət elmləri kimi eksperiment aparmağa imkanı yoxdur, çünki o, yalnız bircə dəfə baş vermiş hadisələri, bircə dəfə dünyaya gəlib dünyadan köçmüş şəxsiyyətləri təsvir və tədqiq etməklə məşğuldur. Əgər bu belədirsə - bu bir həqiqətdir! - tarixi faktlar əsasında ümumiləşdirmələr aparmaq, hansı isə bir qanunauyğunluq üzə çıxarmaq mümkün deyil. “Tarixin bircə dərsi var, o da onun heç bir dərs verə bilməməsidir" aforizmi də tarixə məhz bu münasibət əsasında formalaşmışdır.
Qəribə burasındadır ki, naqislik kompleksi xəstəliyinə yoluxmuş humanitar elmlər metodoloji-nəzəri imkanlarına olan bu nihilist münasibəti nəinki dəf etməyə cəhd göstərməmiş, əksinə, yeri gəldi-gəlmədi, insanla və cəmiyyətlə bağlı faktların mahiyyətini aydınlaşdırmağa kömək etdi-etmədi, itaətkarcasına təbiət elmlərinin dünyanı dərk etmə metodologiyasına uyğunlaşmağa, ağına-bozuna baxmadan riyazi düsturlardan istifadə etməyə çalışırdılar. Bu halda humanitar elmlərin tədqiqat obyektinin spesifikliyi və onların araşdırılması prosesində məhz özünəməxsus metodoloji prinsiplərin tətbiq olunması zəruriyyəti yaddan çıxırdı. Bu isə, sözsüz ki, səmərəli nəticələrin əldə olunmasına mane olurdu. Təbiətinə yad olan metodlardan istifadəyə uyan humanitar fikir nəinki uğur qazana bilmir, əksinə, dəqiqləşmək əvəzinə yayğınlaşır, ənənəvi üsullarla əldə etdiyi mövqelərini də itirirdi.
Lakin keçən əsrin 70-ci illərində, demək olar ki, eyni zamanda həm təbiət, həm də humanitar elmlərdə paradiqma, yəni müəyyən tarixi dövr ərzində elmi ictimaiyyət tərəfindən müxtəlif yönümlü problemlərin qoyuluşunun və həllinin aparıcı modeli dəyişdi. Bu, dünyanı dərkin bütün sahələrində köklü inqilabi dəyişikliklərin başlanğıcı idi: son dərəcə yaxın, bəzən hətta analoji metodoloji prinsiplərə əsaslanan sinergetikanın və postmodernizmin təşəkkülü və inkişafı gerçəkliyin bütün hadisələrinə eyni mövqedən nəzər salmağa, onları tamamilə yeni rakursdan araşdırmağa və dəyərləndirməyə gətirib çıxartdı. Əsasən təbiət hadisələrində özünütəşkil prosesləri və açıq şistemlər haqqında elm olan sinergetika təbiət elmlərində, cəmiyyətlə və bədii-estetik fikirlə bağlı bütün elmləri əhatə edən postmodernizm humanitar düşüncədə tədricən hakim mövqe tutmağa başladılar. Gerçəkliyin hadisələrinə metodoloji münasibət baxımından yaxın olan bu elmi konsepsiyalar çox zaman çulğalaşır, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərini rəhbər tutaraq əvvəlki modernist paradiqmanın əsasında həlli qeyri-mümkün olan bir sıra mürəkkəb problemlərin mahiyyətini aydınlaşdırmağa nail olurlar. Gerçəkliyin elmi və bədii-obrazlı dərki tarixində ilk dəfə vahid paradiqma və yaxud ona çox yaxın olan münasibət tipi yarandı. M.A.Mojeyko həm sinergetika, həm də postmodernizm üçün müştərək olan və onların ümumi paradiqmasından ötru zəmin yaradan ilkin şərtləri aşağıdakı kimi müəyyənləşdirmişdir:
1. Hadisənin unikal xarakter daşıması (kosmologiyada T0 zamanda "Böyük partlayış"ın baş verməsi, biologiyada həyatın əmələ gəlməsi fenomenlərinin analoqunun olmaması, çağdaş ekzistensializm və personalizm konsepsiyalarında fərdiyyətin unikallığının təsdiqi);
2. Dünyanın statik dərkindən onun dinamik dərkinə keçid;
3. Subyekt-obyekt qarşıdurmasında həm təbiət elmlərində, həm də humanitar elmlərdə subyektin aparıcı rolunun vurğulanması; bədii əsərin qavranılması prosesində oxucunun ön plana çıxarılması;
4. Subyekt-obyekt münasibətlərində sərt və barışmaz qarşıdurmanın aradan götürülməsi;
5. Obyektin təsviri dillərinin plüralizm zəminində həyata keçirilməsi; "varlığın vahid düsturu" axtarışlarından imtina;
6. Gələcəkdə bu və ya digər hadisənin məruz qala biləcəyi durum və formanın əvvəlcədən dəqiq şəkildə müəyyənləşdirilməsi cəhdləri ideyasından onların mümkün proqnozlarının verilməsi ideyasına keçid;
7. Həm təbiət, həm də humanitar elmlərdə bu və ya digər hadisənin izahı üçün kontekstdən istifadənin rolunun artması.
Dünyanı dərkin, nəhayət ki, vahid paradiqmasının yaranması humanitar yönümlü elmlərə də təsir etdi; onlarda bir yaxınlaşma, bir sıxlaşma meyli hiss olundu: predmetin ümumiliyi ilə bir-birilə üzvi şəkildə bağlı olan, yalnız analitik metodologiyanın labüd təzyiqi nəticəsində bir-birindən aralı düşmüş bir sıra elmlər vahid postmodernist paradiqma əsasında bir araya gəldilər. Məhz bunun nəticəsində müxtəlif problemlər vahid görmə bucağından araşdırılmağa və izah olunmağa başladılar. "Postmodernist fəlsəfə", "postmodernist kulturologiya", "postmodernist sosiologiya", "postmodernist dilçilik", "postmodernist estetika" anlayışları meydana gəldi. Vahid paradiqmanın təsbiti ilə bağlı baş vermiş iki köklü dəyişikliyi xüsusilə qeyd etmək lazımdır. Birincisi, müəyyən spesifik məqamlar kənara çıxmaqla bütün humanitar elmlər eyni anlayışlar sistemi əsasında, demək olar ki, eyni dildə danışmağa başladılar. Bu isə onların yaxınlaşması, əl-ələ verib müştərək problemləri birgə həll etmək üçün zəmin yaratdı. İkincisi, həm sinergetik, həm də postmodernist dünyadərkin əsasını təşkil edən "asentrizm" ("mərkəzyoxluğu") prinsipinə tam uyğun olaraq hər hansı bir elmi istiqamətin hegemonluq iddiası əsassız hesab olundu. Dünya vahid mərkəzdən məhrum olduğu üçün, yaxud onun hər bir nöqtəsi eyni zamanda həm mərkəz, həm də periferiya olduğuna görə, bu mərkəzsiz dünyanı tədqiq edən elmlərin də müəyyən bir iyerarxiya prlnsipi əsasında düzülüşü qeyri-məqbul hesab olundu.
***
Bəs bütün XX əsr ərzində get-gedə güclənən mərkəzdənqaçma meyllərin təsiri altında sürətlə bir-birindən aralanan, getdikcə qarşılıqlı təmas nöqtələrindən məhrum olan bu müxtəlif istiqamətli elmləri bir araya gətirən paradiqma nə üçün məhz XX əsrin sonu - XXI əsrin əvvəllərində meydana gəlmişdir? Mənə elə gəlir ki, bu prosesin bir-birindən doğan, bir-birini şərtləndirən, bir-birini tamamlayan səbəbləri çoxdur. Yəqin ki, bu, hər şeydən əvvəl hərə öz yolu ilə gedən elmlərin müəyyən inkişaf səviyyəsinə nail olandan sonra gerçəkliyi daha geniş perspektivdə görmək ehtiyacları, dar rakurslarından çıxıb bir-biri ilə çulğalaşmaları ilə bağlıdır. Artıq bu dövrdə ən müxtəlif elmlər vahid və bütöv dünyanın analoji, ən azı yaxın və oxşar metodlarla maksimum geniş perspektivdə tədqiq və izah olunması zərurətini hiss edirlər.
İkincisi, keçən əsrin sonunda təkcə ayrı-ayrı avanqardist cərəyanların deyil, ümumiyyətlə, modernist dünyanıdərk konsepsiyasının dərin böhrana məruz qalması, cəmiyyətdə mövcud olan son dərəcə qarışıq və dolaşıq münasibətlərin keçmişin total inkarı əsasında yalnız indiki zaman müstəvisində təqdim olunması və yozulması, insan böhranının səbəblərinin kənara qoyularaq yalnız onun nəticələrinin vurğulanması mədəniyyətin özünü "postmodern", yəni çağdaş dönəmdən sonrakı gerçəklik kimi dərk və təqdim etməsinə səbəb oldu. Bu, postmodernizmə total inkara əsaslanan modernist konsepsiyalardan məsafələnmək və bütün XX əsr ərzində klasslk ənənələrlə qırılmış əlaqələri yeni, fraqmentar əsasda bərpa etmək imkanı verdi.
Lakin bu, hər şeydən əvvəl, XX əsrin ortalarından başlayaraq bəşəriyyətin guya taleyinə təsir göstərə biləcək hər hansı köklü qlobal hadisə ilə üz-üzə gələ bilməsi ehtimalının sıfıra düşməsi ilə bağlı tarixin öz hərəkətini başa vurması va onun posttarix (tarixsonrası) mərhələyə qədəm basması haqqında müxtəlif kontekstlərdə mülahizələr söylənilməsi ilə nəticələndi. Fransız postmodernist fikrinin erkən nümayəndələrindən olan M.BIanşo yazırdı: "Biz bu və ya digər dərəcədə ömrünü başa vurmuş tarixin kontekstində yaşayırıq, hamımız yanımızdan axıb keçmiş, artıq qurumuş çayın qırağında hərəkətsiz oturmuşuq".
Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə yayğın, blr-birilə əlaqəsi olmayan dağınıq hadisələri bir araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa cəhd göstərən mifdən başqa bir şey deyildir. Bədii fikir sahəslndə isə roman analoji funksiyanı yerinə yetirir və bir növ tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi bağlılıq olması haqqında illüziyasını bədii obrazlar vasitəsilə əsaslandırmağa çalışır. Məhz buna görə də "tarix əsri eyni zamanda roman əsri" (J.Bodriyar) hesab oluna bilər. Bundan belə bir nəticə çıxarmaq olar ki, tarixin və romanın məhz XIX əsrdə - bəşər nəslinin ən çox illüziyaya qapıldığı yüzillikdə - iInkişaf etməsi təsadüfi deyildir.
Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti şərhindən, tarixi prosesin hər hansı bir məntiqə və məqsədə malik olması ideyasından qəti imtinadır.
Müasir amerikan filosofu F.Fukuyama bir qədər də qabağa gedərək belə hesab edir ki, əgər tarix dövründə brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir məntiqə sığmayaraq gah gözlənilmədən bir-birini inkar, gah da təsdiq edən hadisələrin cərəyan etməsi müşahidə olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam durğunluğun hökm sürməsi ilə xarakterizə olunur. Alimin fikrincə, indən belə bəşər nəslinin taleyinə əhəmiyyətli şəkildə təsir göstərə biləcək hər hansı bir hadisənin meydana gəlməsi ehtimalı istisna olunur.
Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər mədəniyyət tarixini üç mərhələyə bölür: birincisi, mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi təsəvvürlərin formalaşdırdığı dövr və nəhayət, üçüncüsü, postmodernist dövr.
Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə boyu hərəkəti xatırladır; eyni hadisələr dönəm-dönəm, il-il, fəsil-fəsil təkrar olunur. Mifoloji dövrdə zaman çevrəsinin hüdudlarını aşmaq, bir-birini təkrar-təkrar izləyən hadisələrin təsbit olunmuş nizamını qırmaq qeyri-mümkündür.
İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri xətt boyu hərəkəti yada salır; hər bir hadisə cəmisi bircə dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini ardıcıl şəkildə izləyən hadisələr muncuq sayağı düz xətt kimi uzanıb gedən sapın üzərində düzülür.
Üçüncü - postmodernist dövrdə, klassik ənənəvi dönəmdə oldugu klmi, bəşər nəslinin keçmişin tabeçiliyində olması iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür olunur; keçmişdə baş vermiş muncuq-hadisələr hara gəldi səpələnir, "əvvəl-sonra", məntiqi ardıcıllıq prinsipinə tabe olmaqdan imtina edirlər. Onlar bir-birinə qarışır, xətti düzümü bərpa etmək - zamanın qırılmış sapını düyünləmək qeyri-mümkün olur.
Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən modernist zaman təsəvvürlərinə uyğun deyil. Eyni zamanda, postmodernizmin ənənəvi zaman konsepsiyasından imtinası mifoloji çevrə təsəvvürlərinin də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə münasibət ayrı-ayrı, bir-birindən təcrid olunmuş, bir-birilə əlaqəsi olmayan hadisələri şərh etmək, onları sitata çevirmək şəklində özünü büruzə verir ki, bu da onun zaman konsepsiyasının elmi-ənənəvi və modernist konsepsiyaları arasında orta mövqe tutmasından xəbər verir.
Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-birinə bağlı olan hadisələrdən ibarət keçmişi itirmiş postmodernist zaman konsepsiyası şaquli məhvərdən məhrum olur, indiki zaman hüdudları ilə kifayətlənməyə məcbur olur. Çağdaş dövrdə insan "diaxron yox, sinxron zamanda yaşayır" (Ceymison).
Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası təkcə zamanın xəttilik prinsipinin təsdiqi deyil; bu konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq bir sonu olması) prinsiplərinin təsbit olunmasına gətirib çıxarar. Bu isə zamanın vahid tarixi məntiqə malik olması ideyasının təsdiqi ilə nəticələnir.
Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə həm diaxron, həm də sinxron kəsimlərdə vahid məntiq axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də gələcəyini bütövlükdə ehtiva edərək əvvəlcədən müəyyən edilmiş istiqamətə aparmasını iddia etmək kökündən səhvdir. Fransız postmodernist fikrinin ən görkəmli nümayəndələrindən biri olan M.Fuko yazırdı: "Dünya bir-birindən doğmayan, bir-birini izah etməyən, bir-birini tamamlamayan hadisələrin çulğalaşmasıdır. Onun əvvəlini-axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə gəlir ki, bizim bugünkü durumumuz dəruni niyyətlərə, əbədi zəruriyyətlərə söykənir. Tarixçilərdən də tələb edirik ki, bizi buna inandırsınlar. Bu qətiyyən mümkün deyil; biz, əslində, ilkin koordinatlardan məhrum saysız-hesabsız hadisələrin içərisində yaşayırıq".
Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin içərisində yaşamağa, daim onlarla üzləşməyə məhkum olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə çalışır.
Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan halda bəşər nəslinin artıq keçdiyi və bundan sonra keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini müəyyən etmək qeyri-mümkündür.
Vaxtı ilə Hegelin "dünya idrakının hiyləgərliyi" kimi dəyərləndirdiyi "tarixin istehzası" fenomeni, postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının tarixi proseslərə əvvəlcədən düşünülmüş və məntiqi baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək niyyətləri daim boşa çıxır.
Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə xidmət etməsi illüziyasından heç cür yaxa qurtara bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə idarə edə bilər. Platondan bəri saysız-hesabsız utopiyalar, XX əsrdə yaranmış bütöv bir futurologiya elmi məhz bu zəmində təşəkkül tapmışdır. Halbuki tarix bizi daim barmağına dolayır, hadisələr təşəkkül tapan kimi dərhal nəzarətimizdən çıxır, əvvəlcədən onlara sırıdığımız məntiqə tabe olmayaraq gözlənilmədən, bəzən bir-birini təsdiq, bəzən də inkar və rədd edir, ağlımıza belə gəlməyən kombinasiyalar əsasında bir-blrilə birləşirlər. Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara bəslədiyi ümidləri dogrultmur, heç vaxt sonda əldə olunan nəticələr bizim ilkin niyyətlərimizlə üst-üstə düşmür. Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər problemin həllinin mümkünlüyü ilə bağlı əvvəlcə illüziya yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir və gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin qarşısını alır.
Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni bir ideyanın, yaxud konsepsiyanın yaranmasını qeyri-mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün sözlər deyilmiş, bütün insan düşüncələri və hissləri ifadə olunmuşlar. Biz təkrar-təkrar vaxtı ilə artıq baş vermiş hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə, deyilmiş sözləri deməyə məhkumuq. Bu isə postmodernist dönəmdə yaşayan insanı keçmişdən tam asılı vəziyyətə salır.
Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto Eko belə hesab edir ki, postmodernizm modernizmdən fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir; əgər bu gün baş verən və yaxud sabah baş verə biləcək hər hansı bir hadisəni dəyişdirmək və hətta ləğv etmək olarsa, keçmişi məhv etmək qəti qeyri-mümkündür... Belə olan halda, keçmişi nəzərə almamaq, onun təsir dairəsindən yan keçmək olmur. Keçmiş daim bizim həyatımıza müdaxilə edir, hisslərimizi və düşüncələrimizi istədiyi kimi dəyişdirir. Onun təcavüzündən yaxa qurtarmaq, onu neytrallaşdırmaqdan ötrü həzm-rabedən keçirmək, onu özününküləşdirmək lazımdır. Bu isə yalnız keçmişi eyni zamanda həm inkar, həm təsdiq etmək, ona həm ciddi, həm də qeyri-ciddi münasibət bəsləmək əsasında mümkündür. Deməli, keçmişə münasibət yalnız istehza əsasında köklənə bilər. İstehzanın postmodernist fəlsəfi-estetik və bədii fikirdə struktur və münasibət formalaşdıran funksiyası bununla izah olunur.
Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki üsulu kimi hələ Sokrat tərəfindən geniş şəkildə istifadə olunan istehza zaman-zaman transformasiyaya uğramış, hadisələrə ikili, haçalanmış münasibət prinsipinə riayət etmək şərtilə müxtətif, bəzən diametral şəkildə bir-birinə əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. Postmodernist istehza onların hamısı ilə bu və ya digər dərəcədə baglıdır və həmin ənənələrə əsaslanır. Lakin bununla yanaşı, postmodernist istehza ilk növbədə XVIII əsrin əvvəllərində alman estetik fikrində təşəkkül tapmış romantik istehza konsepsiyasının bədii-fəlsəfi inkişaf spiralının yeni, çağdaş burumunda qayıdışı kimi dəyərləndirilə bilər. Məlum olduğu kimi, alman romantizmində (Şlegel qardaşlarının, müəyyən mənada Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin mahiyyətinin açıqlanmasının və həmçinin guya antik dövrdə mövcud olmuş, lakin sonralar Avropa sivilizasiyası tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün və universallığının bərpa olunmasının əsas bədii vasitəsi hesab olunurdu.
Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual planla "romantik istehza"nın əleyhinə çıxış edərək belə hesab edirdi ki, istehza son nəticə etibarilə "mən"in özünə qapanması, onun bütün ətraf aləmlə əlaqələrinin qırılması vasitəsinə çevrilir. Həm dünyaduyum forması, həm də bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-estetik fikirdə tamamilə yeni hadisə olsa da, Hegelin vaxtı ilə romantik istehzanın özgələşdirici təbiəti ilə bağlı söylədiklərini ona da şamil etmək olar. Əhatə dairəsi etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron kəsimlərdə mövcud olan bütün dəyərlərə təsdiqedici - inkaredici mövqedən yanaşan postmodernist istehza total özgələşmə üçün şərait yaradır.
Postmodernist istehza konsepsiyasının hadisələrə təsdiqedici-inkaredici münaslbəti bəzən ilk baxışdan onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri izah və həll etməyə yardım edir. Esselərinin birində Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə ənənəvi olaraq öz adı ilə “möhür basması"nı sənətkar şəxsiyyətinin ikiləşməsi kimi yozur. Mən isə bir vaxtlar bu faktı şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım. Bu ilk baxışdan bir-birinə zidd mülahizələrdən görəsən hansı dogrudur? Axı həqiqətən də sənətkar bir tərəfdən öz adını çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox, məhz ona - Füzuliyə məxsus olduğunu vurğulayır. Lakin digər tərəfdən bu əməllyyatla şair iki cür düşünən, iki müxtəlif dünyagörüş mövqeyində dayanan, biri müraciət edən, digəri birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır - özünütəsdiq özünüinkara çevrilir. Göründüyü kimi, hər iki konsepsiyada həqiqət var, lakin eyni zamanda, onlar bir-birinə ziddir. Yalnız postmodernist istehza işığında bu iki mövqe arasında ziddiyyət yoxa çıxır; onlar çulğalaşır, birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist ruhunda istehzalı münasibət bəsləyir. Məhz sənətkarın özünə bu cür münasibəti ona aciz, məhdud Füzulini ilahi məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində təsvir etmək imkanı verir. Yeri gəlmişkən, Füzuli yaradıcılığının postmodernist konsepsiya baxımından şərhi onun ilk baxışdan birölçülü və birtərəfli ciddi görünən əsərlərində tamamilə yeni semantik ovqat laylarının aşkarlanmasına gətirərdi.
U.Eko postmodernist situasiyanı, daha doğrusu, postmodernnizmin dünya mədəniyyətinə diaxron-sinxron planda münasibətini komplekssiz intellektual kişinin intellektual qadına məhəbbətini izhar etməsinin mümkün formasının timsalında izah etməyə cəhd edir: "Kişi bilir ki, qadına "mən səni dəlicəsinə sevirəm" sözləri ilə müraciət edə bilməz. Çünki o bilir ki, bu sözlərin artıq Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın da bilir ki, kişi bundan məlumatsız deyil.) Amma buna baxmayaraq, bu vəziyyətin özündə də çıxış yolu mövcuddur. Kişi deyə bilər ki, "Liala demişkən, mən səni dəlicəsinə sevirəm". Bax, beləcə kişi saxta məsumluqdan yan keçərək və aydın şəkildə indən belə məsum söhbətlərin alınmayacağını ifadə edərək eyni zamanda qadını sevdiyini, hətta məsumluğun yoxa çıxdığı zamanda belə sevməkdə davam etdiyini bildirir. Onların hər ikisi bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv edilməsi qeyri-mümkün olan keçmişin onlara meydan oxumasını qəbul edirlər. Onların hər ikisi şüurlu şəkildə və məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin bununla onlar bir daha məhəbbət haqqında danışmaq imkanı əldə edirlər".
Beləliklə, postmodernist sənətkar dünyaya total istehza münasibət üsulundan istifadə edərək oxucunu iqtibas etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında məlumatlandırmağa, hər halda, dediklərinin ona məxsus olmadığını bildirməyə, həm də eyni zamanda, həm sitat gətirdiyi yaxud iqtibas etdiyi müəllifi, həm potensial oxucularının hamısını, həm də xüsusilə özünü barmağına dolayıb ələ salmalı olur. Oxucu da bütün sözü gedən mənbələrə və özünə analoji münasibət bəsləməyə məcbur olur. Bununla ciddilik müasir dünyanın strukturundan sıxışdırılıb çıxarılır və total istehza bərqərar olur.
Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik və qəti inkara çevrilmir. Məhz buna görə də satiradan fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə, yaradıcı potensiala malikdir.
Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün deyilsə, əgər biz vaxtı ilə kimlərinsə dediklərini sitat gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu və ya digər müəllifə məxsus olması haqqında təsəvvürlərin özləri də köklü şəkildə dəyişməlidir. Ənənəvi tənqiddə əsərin müəllifi onun bütün məzmununu, bütün mümkün məna variantlarını müəyyənləşdirən, özü isə əsərin hüdudlarından kənarda yerləşən xarici instansiyadır, bir növ yaratdığı "bədii dünyanın Allahıdır" və eyni zamanda, əsərinin bu gün və gələcəyin istənilən məqamında çıxarılan və çıxarıla biləcək bütün nəticələr üçün məsuliyyət daşıyır. Məhz sənətkarın əsərə nisbətən xarici instansiya rolunu oynamasını və Allah statusunu nəzərə alaraq R.Bart yazırdı: "Xarici səbəb bütün başqa səbəblərdən daha artıq səbəbdir".
Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər oxucu (sonralar öz əsərini yenidən nəzərdən keçirən sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış prosesində yeni, son dərəcə rəngarəng məna çalarları, ağlasığmaz məzmun kəsb edib gözlənilməz assosiasiyalara rəvac verə bilər.
Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq statusundan məhrum olmuş sənətkar əslində əsər yox, mətn yaradır. Mətnin oxucu tərəfindən qavranılması postmodernizmin aparıcı kateqoriyalarından biri olan dekonstruksiya əsasında həyata keçirilir. J.Derrida tərəfindən təklif olunan bu neologizm "destruksiya" ("dağıtma", "sökmə") və "konstruksiya" ("quraşdırma", "tikmə") anlayışlarının blr-birilə çulğalaşması nəticəsində meydana gəlmişdir. Dekonstruksiya prinsipi oxucuya mətni bütün mümkün müstəvilərdə - kompozisiya, süjet, üslub, psixologiya və sairə baxımdan sökmək və özümlü şərh əsasında yenidən yığmaq imkanı verir. Əslində hər bir oxucu mətnin yaradıcısı statusunu qazanır. Məhz buna görə də "hər bir mətn daim (oxucu tərəfindən. - Q.Q.) burada və indi yazılır"'. (R.Bart).
Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom şəkildə mövcud olmur. Əslində, postmodernizmin mətnə bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin "polifonik" (çoxsəsli) romanı konsepsiyasını təhlil edərkən onun əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni zamanda mövcud olan mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən görkəmli nümayəndəsi H.Gadamer də özünün "Həqiqət və metod" əsərində göstərirdi ki, hər bir deyim öz-özlüyündə yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə bir yerdə həqiqəti ortaya qoyur. Filosofun terminologiyasında "deyim" və "mətn" sinonim anlayışlar olduqlarına görə, onun da mətnin yalnız başqa mətnlərin kontekstində mövcud olması ideyasından çıxış etməsi nəticəsinə gələ bilərik. Bu faktların əsasında fransız postmodernist fikrinin nümayəndəsi Y.Kristeva "intertekstuallıq" anlayışını irəli sürmüş və göstərmişdir ki, "hər bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi yerdir". Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum olur ki, mətn digər mətnlərin eklektik toplusu yox, onların bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar etdikləri meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar və təsdiq əsasında mətn müxtəlif semantik qəlpələrin çulğalaşıb üzvi vəhdət təşkil etdikləri məkana çevrilir.
J.Jenet mətnlərin münasibətlərinin aşağıdakı təsnifat tipini təklif etmişdir.
1. Bir mətndə iki və daha artıq mətnin birgə mövcudluğu kimi intertekstuallıq (sitat, plagiat, işarə);
2. Mətnin öz hissəsinə (epiqrafa, sərlövhəyə) münasibəti kimi paratekstuallıq;
3. Mətnin öz mətnöncələrinə münasibəti kimi metatekstuallıq;
4. Mətnin digər mətnləri ələ salma məqamında parodiya münasibəti kimi hipertekstuallıq;
5. Mətnlərin janr əlaqələri kimi arxitekstuallıq.
Tədqiqatçının bu təsnifatı, hətta mətndaxili meqamlara toxunanda belə, əslində intertekstuallığın təzahür formalarından başqa bir şey deyillər.
İntertekstuallıqla bağlı mülahizələrimi R.Bartın aşağıdakı sözləri ilə yekunlaşdırmaq istəyirəm: "Mətnin əsasını onun başqa mətnlərə, kodlara, işarələrə çıxışı təşkil edir. Həm yazı, həm də oxu prosesində hər bir mətn intermətndir; hər bir mətn köhnə sitatlardan toxunmuş parçadır. Köhnə mədəni kodların, formulaların, ritmik strukturların, sosial idiomların fraqmentlərinin qırıqları - bütün bunlar mətn tərəfindən həzm-rabedən keçirilib onun içində bir-birinə qarışmışdır. Çünki həmişə mətnə qədər və onun ətrafında dil mövcuddur".
Postmodernizm mətnin müəllif tərəfindən yaradılmış əsər olması haqqında ədəbiyyatşünaslığın ənənəvi konsepsiyasını rədd edir. Ən azı ona görə ki, müəllif son nöqtəni qoyduğu andan "yaratdığı" mətn onun nəzarətindən çıxır, saysız-hesabsız oxucu şərhlərinin hədəfinə çevrilir. Məhz buna görə də bu və ya digər əsəri müəllifə şamil etmək bu mətni dinamiklikdən məhrum edib, kirəcləşdirmək, deməli, ona son "məna vermək, yazını qapamaq deməkdir" (R.Bart).
Postmodernist sənətkar mətnə belə bir münasibətin qeyri-mümkünlüyünü başa düşür, məhz buna görə də yazdıqlarının mahiyyətini və məzmununu şərh etməkdən və açıqlamaqdan çəkinir. O çox gözəl başa düşür ki, yazdıqları ara vermədən niyyətlərinin hüdudlarını aşır, bəzənsə onları tamam ləğv edir. Buna görə də postmodernizmdə artıq müəllif öz sözünü deyən fərd yox - axı bunun üçün sənin ancaq sənə məxsus sözün olmalıdır - "yazının müəyyən vəhdəti prinsipidir”. Əslində, bu və ya digər əsərin müəllifi artıq mövcud mətnlərin təsnifatı, onların arasında yeni münasibətlərin yaradılması ilə məşğul olan şəxs əsərin oxucudan oxucuya daim dəyişən, yeni-yeni çalarlar kəsb edən şərhləri "mədəniyyətdə əks-səda" (Borxes) üçün zəmin yaradır. Bədii nümunələrin tükənməz məna potensialı onun iqtibasını, tərcüməsini, yeni variantın işlənməsini və sairəni həyata keçirməyə imkan yaradır. Bu da öz növbəsində diaxron kəsimdə mənəvi-estetik dəyərlərin ötürülməsini, ilk baxışdan bir-birindən fərqli mədəniyyətlərin bir-birinin hesabına zənginləşməsini, son nəticə etibarilə mədəniyyət sahəsində, o cümlədən bədii fikirdə aramsızlığı təmin edir. Bir-birindən uzaq və bir-birindən fərqli dövlətlərin, sivilizasiyaların dinamik əlaqələri məhz bu potensialın aramsız gerçəkləşməsinə söykənir. Postmodernizmin həm diaxron, həm də sinxron kəsimlərdə bütün bəşər mədəniyyətini ehtiva edib bütöv üzvi toplum kimi təqdim etməsi prinsip etibarilə sivilizasiya tiplərinin bir-birindən hermetik şəkildə təcrid olunması haqqında O.Şpenqler - A.Toynbi konsepsiyasını rədd edir.
Əslində, bu və ya digər əsərin müəlllfi artıq mövcud mövzuların təsnifatı, onların arasında yeni münasibətlərin yaradılması ilə məşğul olan şəxsdir. Müəllif-əsər münasibətlərinin mahiyyətinə postmodernist baxımdan aydınlıq gətirməyə cəhd edən rus şairi, Nobel mükafatı laureatı İ.Brodski yazırdı: "Şair dilin mövcudluq vasitəsidir. Dil sadəcə ona (şairə - Q.Q.) növbəti misranı diqtə edir". Məhz buna görə də mənanın yaranması nöqteyi-nəzərindən yazı da, oxu da insanın yox, dilin həqiqətidir.
Yeri gəlmişkən, İ.Brodskinin bu sözləri təkcə məna baxımından deyll, Ifadə tərzi nöqteyi-nəzərindən də keçmiş irsə postmodernist münasibətə misal ola bilər. Onun dil-şair münasibətləri ilə bağlı mülahizəsi vaxtı ilə A.Veselovskinin "Homer xalqın poetik orqanı yox, poetik xalqın orqanıdır" sözlərinin yeni müstəvidə postmodernist təkrarıdır, deməli, gizli sitatdır.
Postmodernizmdə müəllif statusunun bu cür köklü şəkildə transformasiyaya uğraması, onun ölümü kimi dəyərləndirilməlidir. Bu isə hələ XIX əsrin sonlarına yaxın F.Nitsşe tərəfindən bəyan olunmuş və XX əsr ərzində yaranmış bütün modernist cərəyanların və postmodernizmin dünyagörüş mövqeyinin mahiyyətini təşkil edən "Allahın ölümü" metaforasının konkret sahədə gerçəkləşmə formasıdır, həqiqiliyinə sübutdur. Postmodernizm özündən əvvəlkl konsepsiyalara xas olan determinizmi Allahla bağlayırdı. Postmodernist ideoloqlara görə, bəşər tarixində Allah həmişə ilkin və qəti səbəbi, son və qəti nəticəni simvolizə etmişdir. "Allahın ölümü" isə bu səbəb və nəticənin əsarətindən xilas olmaq, səbəbsiz-nəticəsiz, sonsuz dünya ilə üz-üzə qalmaqdır.
Postmodernist paradiqmanın təsdiqi, bütün humanitar elm sahələrində olduğu kimi, ümumən ədəbiyyatşünaslıqda, o cümlədən onun tərkib hissəsi olan ədəbi tənqiddə də köklü dəyişikliklərin meydana gəlməsinə səbəb oldu. Lakin postmodernist ədəbiyyatşünaslıq ; dərhal məqsədinə nail ola bilmədi. O, gərgin və konseptual mübarizə nəticəsində tədricən öz prinsiplərini təsdiq edə bildi.
R.Bart öz dövründə mövcud olan ədəbiyyatşünaslıq konsepsiyalarını təhlil edərək postmodernist tənqidlə yanaşı, "universitet və interpretativ" (yaxud "ideoloji") tənqid formalarının mövcud olması qənaətinə gəlir. Tədqiqatçı postmodernist tənqidin səciyyəsini digər iki tənqid konsepsiyasının kontekstində, daha doğrusu, onlarla qarşıdurmada, qarşılıqlı inkar prosesində müəyyənləşdirir.
R.Bartın fikrincə, universitet tənqidi bu və ya digər ədəbi-bədii nümunəni araşdırmaqdan ötrü ilkin mərhələdə böyük hazırlıq işi görür - əsərin yaranmasında bu və ya digər dərəcədə iştirak etmiş bütün mənbələri üzə çıxardır, habelə əsərin müəllifinin həyat yolunu ətraflı şəkildə təhlil edir. Məhz bu mənbələrin kontekstində və müəllifin bioqrafiyasının faktları əsasında sonrakı mərhələdə ədəbi nümunə dəyərləndirilir. Bütün diqqətini ayrı-ayrı detalların meydana gəlmə səbəblərinə yönəldən universitet tənqidi labüd şəkildə yaradıcılığın məzmununu və bir çox cəhətdən formasını müəyyənləşdirən bir sıra amilləri, o cümlədən tarixi fonu və sosial-mədəni şəraiti nəzərdən qaçırır.
Postmodernist tənqid də universitet tənqidi kimi müəlliflə onun əsəri arasında əlaqə və münasibətlərin olmasını etiraf edir. Əks təqdirdə ədəbi nümunənin yaradılmasının ənənəvi ədəbiyyatşünaslıqda tamamilə yeni hadisə, yaxud qeyri-klassik tənqidi fikirdə məlum ideya və situasiyaların yeni kombinasiyası kimi dəyərləndirilməsindən asılı olmayaraq, bu nümunəni hasilə gətirən instansiya - fərqi yoxdur, demiurq yaxud skriptor (mirzə) qismində - prosesdən tamamilə kənarlaşdırılır. Universitet tənqidindən fərqli olaraq postmodernist tənqid sənətkar-əsər münasibətlərini müəllifin həyat yolunu səciyyələndirən detalların və yaxud faktların eyni və oxşar şəkildə bədii nümunədə öz təcəssümünü tapması, yaxud onların ümumi mənşəyə malik olması ilə yox, onun bədii nümunəni öz şəxsiyyəti ilə bütövlükdə ehtiva etməsi fonunda işıqlandırır.
"İnterpretativ" ("ideoloji") tənqid bədii nümunəni və yaxud ədəbi prosesi semantik-aksioloji nöqteyi-nəzərdən şərh etməyə çalışır. R.Bart interpretativ-ideoloji tənqidin ekzistensialist yönümlü, marksist yönümlü, psixoanalitik yönümlü, strukturalist yönümlü növlərinin mövcud olmasını nəzərə çarpdırır. O belə hesab edlr ki, interpretativ tənqidin bütün növləri eyni metodoloji prinsiplərdən çıxış etdiklərinə baxmayaraq, fərqli ideoloji konsepsiyalara söykəndikiəri üçün onların arasında kəskin, çox zaman barışmaz düşmənçiliyə çevrilən ixtilaf mövcuddur.
R.Bart belə hesab edir ki, universitet və interpretativ tənqidlər arasında ilk baxışdan kəskin ziddiyyət mövcuddur. Lakin bu ziddiyyətin mahiyyətinə vardıqda məlum olur ki, görüntüdən başqa bir şey deyildir. Əslində, hər iki konsepsiya ideoloji xarakter daşıyır. Postmodernist istehza üsulundan istifadə edən müəllif bu iki qohum tənqid metodologiyasını umu-küsünü kənara qoymağa, bir-birllə barışmağa, bir-birini tamamlamağa, müştərək problemlərlə birlikdə həll etməyə çağırır. R.Barta görə, universitet tənqidi müxtəlif yönümlü faktları üzə çıxarmaq və müəyyənləşdirməklə məşğuldursa, interpretativ tənqid elə həmin faktları şərh etməyi, başqa sözlə desək, onları mənalandırmağı həyata keçirir.
Lakin əslində, bu ənənəvi konsepsiyaların hər ikisi səhv istiqamət götürmüşlər. Onlar unudurlar ki, ədəbiyyatdan fərqli olaraq tənqidin hədəfi gerçəklik yox, sözdür, daha doğrusu, başqasının sözüdür, ilkin söz/bədii söz ətrafında, bu sözlə bağlı deyilmiş sonrakı sözdür, qısası, metasözdür.
Buna görə də tənqid bir-birilə dialektik vəhdətdə olan iki münasibət növünü tənqidçinin dilinin tədqiq olunan müəllifin dilinə və bu dil-obyektin gerçəkliyə münasibətlərini nəzərə almalıdır. Deməli, əslində tənqid metasözlərdən ibarət metadildən başqa bir şey deyildir.
Məhz buna görə də tənqid yazıçının həqiqəti yazıb-yazmaması məsələsi ilə məşğul olmamalıdır. Əslində gerçəklikdə mövcud olmayan personajlar və situasiyalar yaratmaqla, uydurmaqla məşğul olan yazıçı prinsipial şəkildə həqiqəti təcəssüm etmək iqtidarında deyil. Bu halda tənqidçinin əsas vəzifəsi ilkin, bədii dilə maksimum müncər olunan metadil yaratmaqdır.
Deməli, tənqidin meyarının adekvatlığından yalnız onda söhbət gedə bilər ki, o (tənqid) "sorğu-suala tutulan əsərin mənasını açıqlamaqla yox, əksinə, mümkün qədər çox onu özümlü dili ilə bürüməklə məşğul olsun. Bu baxımdan tənqid aydın şəkildə qiraətdən fərqlənir: "oxumaq əsəri arzulamaqdır, ona çevrilmək istəyidir, əsəri öz dilindən özgə hər hansı başqa bir dildə oxumaqdan imtinadır. Halbuki, oxudan tənqidə keçid arzu olunan obyektin (bədii əsərin - Q.Q.) özünü dəyişmək istəyidir; tənqid əsəri yox, öz şəxsi dilini arzulamalıdır". (M.BIanşo).
Beləliklə, tənqid iki fərdiyyətin - müəllifin və tənqidçinin dialoqudur. Məhz buna görə də postmodernist tənqid özündə subyektivliyi və obyektivliyi, tarixiliyi və müasirliyi, totalitarizmi və liberalizmi üzvi vəhdətdə birləşdirir.
Postmodernist tənqid üçün bədii əsərin öz strukturu etibarilə bitib-tükənməz məna potensialına malik olması böyük əhəmiyyət kəsb edir. Bu, bədii nümunəyə münasibətdə iki cür tənqidin - ədəbiyyat haqqında elmin yaxud şərhlərin və "ədəbi tənqid"in yaxud "yeni tənqid"in yaranmasına şərait yaradır. Ədəbiyyat haqqında elm (şərh) əsərdə gizlənən saysız-hesabsız mənalardan birini, bir qayda, ən üzdə olanını seçir və onu hərtərəfli şəkildə açıqlamağa cəhd göstərir. Halbuki "ədəbi tənqid" ("yeni tənqid") birdəfəyə əsərdəki bütün məna potensialını, daha dogrusu, "boş məna"nı ("boş işarə”ni) hədəf seçir və bununla da bədii əsərə bu və ya digər konkret mənanı vermək iddiasından imtina edir.
Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, postmodernist məntiqə görə, tənqid elm deyil, çünki elm mövcud mənaları araşdırır, tənqid isə məna istehsal edir (yaradır). Beləliklə, tənqid ədəbiyyat haqqında elmlə qiraət arasında mövqe tutur.
Əgər ənənəvi tənqid üçün bədii əsər şərhin obyektidirsə və bu şərh əsərin düzgün dərk olunması prosesinin yekunlaşması ilə başa çatmalıdırsa, postmodernist tənqidin predmeti əsər yox, onun konstruksiyasıdır. Əsərə bu rakursdan yanaşma onun sona qədər dərk olunmasını, daha doğrusu, tənqidçinin bununla bağlı illüziyaya qapılmasını qeyri-mümkün edir. Ənənəvi tənqid əsərin mənası ilə bağlı özünün çıxartdığı məhkəmə qərarını həyata keçirən cəlladdırsa, postmodernist tənqid əsərlə bağlı söhbətlərdir, onun haqqında son və qəti qərar verməkdən imtinadır.
***
Dünyanın dərki nəhayətsizdir. Hər yeni paradiqma üzdə bunu bəyan etsə də, harada isə təhtəlşüur səviyyəsində bütöv həqiqəti dərk etməsinə, ən azı dərk etmək potensialına malik olmasına inam bəsləyir. Bu inam son dərəcə təbiidir, çünki onsuz dünyanın elmi dərkində irəliləyiş qətiyyən mümkün olmazdı. Belə bir nlkbinlik postmodernizmə də xasdır. Çox güman ki, bir zaman gələcək və postmodernist paradiqma yenisi ilə əvəz olunacaq. Lakin yəqin ki, onun bir müddəası bəşər nəslinin dünyanı dərk prosesini daim stimullaşdıracaq: dünya bütövdür və görmə bucağımızın məhdudluğuna baxmayaraq, gerçəkliyi maksimum geniş şəkildə dərk etməyə can atmağa məhkumuq.






Şərh göndərmək