0
comments

«AĞ»la «QARA»nın ZİDDİYYƏTİ



OXUNMA SAYI: 506, TARİX: 2012-04-09 17:10:57
Anarın "Ağ qoç, qara qoç" romanı haqqında

Aynurə Paşayeva
AMEA Nizami adına Ədəbiyyat İnstitutu



Simvolik başlıqla adlandırılan əsər əslində iki povestin birləşməsindən yaranan, arxetipik struktur üzərində qurulan romandır. Yazıçının ikinci nağılın əvvəlində verdiyi qeyddən məlum olur ki, utopik və antiutopik cəmiyyətdəki hadisələr eyni zamanda baş verir.

Dünya yarandığı gündən xeyirlə şər daim mübarizə aparmışdır. Ağ qoç əsərdə «ağ dünya»nın, qara qoç «qaranlıq dünya»nın təmsilçisidir. Yazıçı Anardan başqa bir çox yazıçılar surətləri qruplaşdıraraq müəyyən məkanda cəm-ləyib bir dünya - cəmiyyət, utopik, yaxud antiutopik cəmiyyət yaratmışdılar: Dantenin «İlahi komediya»sı, Nizaminin «İskəndərnamə»si, Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povesti və s. Hər bir əsərdə yazıçı təxəyyülü müxtəlif cür özünü göstərir. Xeyir və Şərin mübarizəsi motivi hələ qədim «Avesta»dan gəlir. Avestanın «Vendidad» (Videvdad) hissəsində təsvir olunan XVI ölkə utopik cəmiyyətin ilkin nümunəsidir. XVI ölkə alleqorik şəkildə «başsızlar», «hakimsizlər» ölkəsi adlanır. Bu ölkədə ancaq əməli pak insanlar yaşayır. «Burada antoqonist siniflər olmadığı üçün ictimai ziddiyyətləri tənzim edən bir başçıya və hakimə də ehtiyac qalmamışdır» (3, s. 82). Böyük Nizaminin «İskəndərnamə»sindəki utopik cəmiyyət «Ədalət şəhəri», yaxud «Xoşbəxtlər ölkəsi»də insanlar şad, firavan yaşayır, çünki burada yalan, nəfs, kin, riya yox-dur, bu dünyanın insanlarının əsas dini də ədalətdir. Buna görə də yeni dünyaya gələn övladlar, yerə səpilən toxumlar, ancaq Allaha tapşırılırdı. Bu ölkə o qədər təmiz və saf ölkədir ki, burada evlərin qapısında nə bir qıfıl, nə casus, oğru, nə də şəhər gözətçisi var. İnsanlar heyvanları incitmir, ölülər üçün isə kədərlənmirlər. ««İskəndərnamə»dəki utopik cəmiyyət Tomas Morun, Kampanellanın yaratdığı ideal cəmiyyətdən daha demokratikdir: burada qullar və siniflər yoxdur» (5, s. 160).

«Ağ rəng» ilk dəfə səslənəndə insanın gözündə paklıq, təmizlik rəmzi kimi tə-səvvür olunur. Ancaq ağ rəngin özünün rəng simvolikası əsərdə heç də ötərgi x-arakter daşımır. Bu elementi arxaik düşüncədəki şamançılıq ənənələri və sufi simvolikası ilə bağlanır. Ağ rəng şamanlarda ululuq, ədalət və güc mənaları daşı-yırdı. Eyni zamanda ağ rəng ümid, inam, qalibiyyət, ehtiram, paklıq, xoşbəxtlik rəngidir. Qədim türklərdə sərkərdələr (Mete, Kül Tigin xaqan) döyüşə gedən zaman ağ at minərmiş. R. Rza da «Rənglər» silsiləsində ağ rəngin sevinc və mə-həbbət çalarlarını tərənnüm etmişdir.

Əvvəlcə, Məliyin sakini olduğu utopik dünyadan bəh edək. Məlik Məmmədli Çağdaş Radio - TV kanalında jurnalist və telerejissor kimi fəaliyyət göstərir. Ölkənin tanınmış telejurnalist və telerejissorunu əsərə baş qəhrəman gətirmək yazıçının təsadüfi seçimi deyil. Çünki xəyalında canlandırdığı cəmiyyəti, onun  həyatındakı hadisələri çatdırmaq üçün bu obraz-vəzifə əla vasitədir. Bu cəmiyyət elə bir cəmiyyətdir ki, burada hamı firavan yaşayır. Eyni zamanda bu cəmiyyətdə hər gün səhər Dövlət Himnin səsinə oyanan, içində doğma torpağının qürurunu, təəssübkeşliyini daşıyan vətənpərvər Məlik kimi şəxslər yetişir. Ölkə əhalisinin yaşayış səviyyəsi o qədər yüksəkdir ki, orta əmək haqqı ayda 1000 dollardır. Kommunal xidmət, ali və orta təhsil – hamısı pulsuzdur. Bütün bu yüksək yaşayış səviyyəsinə baxmayaraq, Məlik Məmmədli Novruz bayramını evdə yalnız qeyd edir. Çünki həyat yoldaşı Aypəri Təbrizdə teatr rəssamı, oğlu Beyrək Şuşada nəqliyyat mühəndisi, qızı Burla isə Kərkükdə ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Bu cəmiyyətdə artıq Qarabağ problemi həll olunmuşdur. Azər-baycanın sərhədləri Şərqdən Şah dəniz, Şimaldan Dərbənd, Cənub Qərb istiqamə-tində Urmiya, cənub istiqamətində Zəncana qədər olan məsafədədir. Bu ölkədə onlarla partiya əvəzinə 5 partiya var: ikisi iqtidar, ikisi müxalifət, biri bitərəfdir. Ancaq onlar da ümumi məsələlərdə bir araya gələ bilirlər.

Qarabağda Beyrək Cıdır düzündən Topxana meşəsinə kimi funikulyor qurul-masına rəhbərlik edir. Qarabağın bütün yerlərində Ağdamda, Şuşada turistlər üçün fəaliyyət göstərən otellər fəaliyyət göstərir, tez-tez musiqi festivalları keçirilir. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının nəticəsində saziş imzalanmışdır. Ermənistanda C. Məmmədquluzadənin «Kamança» pyesi oynanılır. Eyni zamanda ölkənin hər yerində müxtəlif tədbirlər, festivallar keçirilir. Bunlar haqqında məlumata Məliyin jurnalistik fəaliyyətində şahidi oluruq. Azərbaycan artıq başqa dünyanın beynəlxalq, tanınmış firmaları ilə birgə layihələr işləyir, dünya standartlarına uyğun «Maral», «Ceyran» adlı avtomo-billər istehsal edir. Bir çox bölgələrin dəyişdirilmiş adlarına da təsadüf olunur. «8-ci km qəsəbəsi» «Bayat» məhəlləsinə, «Respublika» sarayı «Füzuli» sarayına, «Respublika» meydanı «Səlcuq» stadionuna, «Ermənikənd» bulvarı «Aşıqlar» bulvarına, «Hökumət» evi «Odlar sarayı»na, «İliç buxtası» amerikalıların saldığı «Disney nağıl dünyası»na, «Hövsan» qəsəbəsi «Universitetlər şəhərciyi»nə çevrilmişdir. Şəhərdə bulvarların da sayı çoxalmışdı. Milli elementlərlə bəzədilmiş bu ölkədə öz oxu ətrafında fırlanan «Bulud» restoranından bütün yerləri seyr edən Məlik yazıçının canlandırdığı utopik cəmiyyətinin ümumi mənzərəsini daha da parlaq və əlvan edir. Artıq cəmiyyətdə problemlər az olduğundan, həyatı ob-razlı şəkildə əks etdirən ədəbiyyatda insanın qəlbini titrədən əsərə rast gəlmək mümkün deyil. Anarın utopik dünyası daha çox məhz bu xüsusiyyətlərinə görə insana Nizaminin «İskəndərnamə»sindəki «Xoşbəxtlər ölkəsi»ni xatırladır. Ancaq «ən əhəmiyyətlisi bu utopiya şairin öz dövründə qızğın fəaliyyətdə olan əxilərin düşüncə və görüşlərindən qidalanmışdı» (3, s. 536). Anarın utopik dünyasında, Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq (sonralar Ziya Göyalp tərəfindən təkrarlanan türkləşmək, islamlaşmaq, avropalaşmaq) konsepsiyası əsərin mərkəzindən keçən əsas xətdir. Keçmiş «Hökumət evi»nin, indiki «Odlar sarayı»nın qülləsinin üstündə 16 daimi məşəl yanır: «Güney və Quzey Azərbay-can»ın 16 tarixi şəhərin adını xatırladır. Ümumiyyətlə, filosofların bəzilərinin fikrincə, bütün təbiət 16 ünsürdən yaranıb və bu rəqəm bütünlüyün simvoludur. Hətta əyləncə mərkəzlərinin adları da milli xarakterlidir. «Min bir gecə», «Ömər Xəyyam», «Bəhlul Danəndə». Bu ölkə tarixinə o qədər sadiqdir ki, hətta, M.Ə. Rəsulzadənin, Ə. Topçubaşovun, F. Xoylunun, N. Nərimanov, Nəsimi, Füzulinin, M.F. Axundovun nəşləri Bakıya gətirilmiş, dəfn olunaraq üzərində türbələr ucaldılmışdı. Utopik dünyadakı Ərxan Məlik Məmmədli ilə «Çağdaş» radiosunda çalışır. Novruz bayramında Novruz adlı ağ papaqlı, ağ çuxalı, ağ atlı oğlan Ya-nardağdan məşəl götürüb il təhvil olunan saatda Qız qalasının başına gətirməli idi. Bütün bunları televiziya vasitəsi ilə ekranlaşdıranlar isə Ərxan və Məlikdir. Yazıçı Türk dünyasının mənəvi mərkəzi olan Türkan şəhəri haqqında ətraflı bir mənzərə yaradır. Şəhərin girəcəyində – Dinlər meydanında Əhməd Yasəvinin məscidi, xristian qaqauzları üçün kilsə, yəhudi Qaraimlərinin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda məbədi, Yakutların şaman otağı var. «Ötükən» ormanında bütün dünyadan gətirilmiş bitkilər böyük bir fauna yaradıb. Anarın utopik dünyasında saldığı «Qarabağ» bulvarı öz kədərli kompozisiyasına görə bizə tarixi keçmişimizi, xüsusilə də, Xocalı faciəmizi əsla unutdurmur. Mustafa Kamal Atatürk Universiteti, Orxan meydanındakı Böyük, Kiçik Gültəkin, Tonüquq yazıları böyüdülmüş daş kopyaları qoyulması «Turan» oteli, «Hunlar» meydanı isə Bakını Türk dünyasının ən böyük mərkəzlərindən biri edir.
Xalqlar dostluğu doğmalığının tərəfdarı olan yazıçı utopik cəmiyyətdə Ermə-nistan, Qarabağ azərilərinin torpaqlarına qayıtdığını, ermənilərlə bərabər hüquqlarla təmin olunduqlarını qeyd edir. Nargin adasının adını dəyişib yazıçı Nərgiz adası adlandırır. Yazıçı özünün obrazını utopik cəmiyyətdə kiçik ştrixlərlə səsləndirir: «Sonra kimsə xatırladır ki, indi çoxdan unudulmuş Anar adlı bir yazıçının hekayəsində bu ada Nərgiz adlanır. (Bu Anar, deyilənə görə, o vaxt mövcud olan Yazıçılar Birliyinin sədri olub, sonra ömrünün axırınadək Suraxanı – Əzizbəyov avtobusunda konduktor işləyib)» (2, s. 325). Yazıçının özünü bu vəzifəyə layiq görməsi isə sual altındadır.

Anar yeni cəmiyyəti canlandırmağa çalışdığı halda, yeni-yeni sözləri türkləşdi-rərək əsərdən işlətmişdir: bilgisayar, ayarlamaq, elektorat (tərəfdaş), dincərlik (is-tirahət yeri), işdaşlar (həmkarlar), ismarış, retrospektiv, şık (parlaq), əyləmək (işə salmaq), vapur (gəmi), kruizlər (səfər), dikuçarlar (nəqliyyat növü), paralon mulyaj (oxşar kiçik heykəl), dəmətlər (qığılcımlar).

İkinci nağılda qara qoç Məlik Məmmədi tərkinə alıb qaranlıq dünyaya aparır. Qara qoçun rəng antoqonozminin də öz mifoloji mənası var. «Qara rənglə ifadə olunan «qara yer» Oğuz təsəvvüründə üstündə, üzərində gəzilən ev, otaq tikilən dünyanın alt, qaranlıq, yəni qara rəngli qara qatıdır. Məsələ belədir ki, qara yerin alt qatına birbaşa dəxli olan və insanın dünyasını dəyişməsini bildirən «ölüm» də «Kitab» da elə «qara ölüm» şəklində deyilir» (1, s. 67-68). Türklərdə qara rəng türk olmayanlara, yaxud düşməni bədii təyinlə işarə edən zaman söylənirdi: «qaraca kafir», «qara dinli kafir». «Kitabi-Dədə Qorqud» dastanında işlənən «qara başım qurban olsun» ifadəsindəki «qara» türkün başına gələn qəmli, kədərli anlarından xəbər verir.

Yazıçı «Məlikməmməd» nağılının süjetinə sadiq qalmışdı. Çünki nağılda da Məlikməmməd birinci ağ qoçun tərkinə minir, ancaq ağ qoç onu qara qoçun tərkinə atır. Antiutopik cəmiyyətdə Məlik Məmməd utopik cəmiyyətdəki Dövlət himninin səsi ilə deyil, sabah azanının səsinə oyanır. Telejurnalist kimi Bakıdan İstanbula ezam olunan Məlik uzun illər doğma vətəninə qayıda bilməmişdi. Onun doğma Bakısı isə 3 ölkənin təsiri ilə 3 zonaya: farsların təsiri ilə Behişti Badi-Kübə, rusların təsiri ilə Bakı Kommunası, üçüncü zona ingilislərin təsiri ilə Baku sitiyə ayrılıb. Bu, Anarın «Azərbaycançılıq haqqında düşüncələr» mühazirəsində qeyd etdiyi fikirlərlə yaxından səsləşir: «Quzeydən Güneyə, Doğudan Batıya açılan qapıların bir açarı da Azərbaycandır. Hər bir qoluzorlu bu açarı öz cibində saxlamağa hərisdir» (2, s. 6). Məlik Ərxanın oğlunu xilas etdiyinə görə Ərxan ona bu üç zonaya getmək üçün kömək edir. Onu 3 zona haqqında materiallar hazırlayıb gətirən jurnalist adıyla yola salır, ancaq gördüklərinə görə təəccüblən-məməyi, bədbinləşməməyi tövsiyə edir. Məlik ilk əvvəl yaşıl bayraqlı Behişti Badi-Kübəyə gəlir. Yaşıl rəng – islamlaşmaq rəmzidir. Burada onun xatirəvi qalstukunun alınmaması üçün gömrüyə 50 dolların verməsi bu ölkənin abı-havasının ümumi səciyyəsi haqqında məlumatlandırır. Məliyi taksidə oturandan müşahidə edən İmamqulu adlı oğlan Bakı Kommunasına qədər izləyir. Behişti Badi-Kübə o qədər əsarətcil bir ölkədir ki, şəhər sərhədlərinin məftilləri elektriklidir. Məlik yolda İsmailliyə, Əlyazmalar İnstitutunun binalarını dağılmış, filarmoniyanın binasında cümə məscidini görür. Məlik Aypərə zəng edib görüşür, ancaq, çox təəssüflər olsun ki, Aypər əvvəlki Aypər deyildi. Adını da dəyişib Mahrux qoyub, mədrəsədə xəttatlıq dərsi deyir. O, üzdə də olsa, Məliklə olan ni-kahı haram sayır. Ancaq söhbətinin sonunda onun xoşbəxtliyinə inanmamağı, bundan sonra Məliyin onu ölmüş bilməsini pıçıldayır. Ancaq son anda da bu sözləri deyəndə, Aypərin gözləri dolur. Məlik onu xilas etmək istəyini bildirsə də, Aypər bunun qeyri-mümkün olduğunu deyib ayrılır. Məlik Aypərdən ayrıldıqdan sonra Qız qalasının, İçərişəhərin divarlarını sökülmüş görür. İmamqulu öz vəzifəsini sona qədər yerinə yetirdikdən sonra gözlərini kədər bürüyür. Hamı törə-dilən bu vəhşiliyinin, şovinistliyin qarşısında laldır. Çünki hər kəs özünü gücsüz və aciz hesab edirdi.
Bakı Komunnasına oğlunun arxasınca gələn Məlik ilk əvvəl Nizami muzeyinin heykəllərinin Engels, Lenin, Stalin, Maratla əvəz olunduğunu görür. Dilənçilərlə bol olan bu şəhərdə hər bir şey Maratın adınadır. Hətta «Mart» ayının adı dəyişdirilərək «Marat» adlandırılmışdı. O, oğlunun işlədiyi Komissarlıq binasına gələrək erməni əsilli, müsavatçıları nakazat edən Telman Qaraxanovla görüşür. Maratın baxışlarına görə bir millət var, o da proletariatdır. Oğlu ilə səmimi görüşmək istəyən Məlik ətrafdakı şəraiti nəzərə alıb oğlu Boris Mamedov (Beyrək Məmmədli) ilə soyuq bir tərzdə görüşür. İnsanların qanına bais olduğuna görə bu yevrey - Marat gözünə qara eynək taxırdı. Bu səbəbdən də bu binada çalışanların hamısı qara eynək taxır. Şəxsiyyətə pərəstiş kommunizm ideyası hər zaman Anar əsərlərində kəskin şəkildə ifşa obyektinə çevrilmişdi. Özünü idarə etdiyi zamanın Allahı sayan Marat stalinlərin, brejnevlərin xarakterini özündə cəmləyən surətdir. Ata ilə oğlun söhbətindən məlum olur ki, oğul bütün bu kommunistlərə nifrət edir, ancaq burada məcburən Borisi (Beyrəyi) də Azərbaycan dilini bildiyinə görə saxlayırlar. Söhbət zamanı Ermənistanda atom stansiyasının partlamasından, Qarabağın 300 il insanlar üçün yaşanılmaz hala gəlməsindən, Mingəçevir su elektrik stansiyasının partlayıb əhalinin dağlara qaçmasından söz açılır. Məlik oğlu ilə vidalaşanda oğlu Türkiyədə insanların necə yaşamasını xəbər alır. Ata «insan kimi» yaşadığını deyir.

Üçüncü şəhərə gələndə Məlik Məmmədli qızı məşhur rəqqasə, pop ulduz, gö-bək rəqsinin mahir ifaçısı, ancaq hal-hazırda şəhər meri olmağa hazırlaşan Bura (Burla Xatun) ilə rastlaşır. O, atasının keçmiş evini bərpa edib 3 mərtəbəli villa tikdirmişdi. Çünki o zaman, barrikadalar Bakıya gələndə Burla evdə zökəm xəstəliyindən yatırdı. Qardaşı və anası isə fabrikdə çalışırdılar. Bura qardaş və anasından fərqli olaraq atasını gözəl qarşılayır. Məliyə həyat yoldaşından, oğlundan daha çox qızı ona neçə illər ayrı olduğunu xatırladır. Çünki hamıdan çox Bura atasına qovuşmağın həsrətində idi. Buranın yaşadığı Baku siti çox inkişaf etmiş Avropa şəhərlərindən birinə çevrilmişdi. Binanın otağında pultla idarə olunan dağ və dörd fəslin özünəməxsus havası, həmin havanın xüsusi səsləri Məliyi çox təəccübləndirir. Cəh-cəh Can adlı mavi (brik-brakın Allahı) də Buranın mer seçilmək kompaniyalarında ona mahnılar həsr eləmişdir. Məlik aparılan kompaniyanın konsertində iyrənc insanları görüb qaçır. Təəssüflər olsun ki, avropalaşmaq, müasirləşmək ideyalarının carçısı olan Baku siti Qərb dünya-sının mənəvi, estetik, fəlsəfi, demokratik siyasi dəyərlərini deyil, acınacaqlı tərəf-lərini aşılayır. Yolda vaxtilə yazıçı olmuş, ancaq hal-hazırda acından ölməmək üçün zibilliklərdə bir para yemək axtaran bələdçiyə rast gəlir. Məlik Şirvanşahlar sarayında müxtəlif iyrənc şou görüntüləri, kazinolar görür. Şəhərdə bölünməmiş yer qalmayıb, hətta Xəzər dənizinin altını, üstünü, içini də bölüblər. Boş qalan isə mazutlu sahillərdir. Neftçilər prospekti qumlu, mazutlu sahilə çevrilib. Eynəkli kişiyə beş dollara sal daş sərhəddən Məliyi keçirir. «Antiutopiyanın mahiyyətində xalq gülüşünün elementləri yox dərəcəsində olduğundan, burada karnavallığa da yer yoxdur, əksinə, qorxunun və qaranlıq niyyətlərin, antidemokratik üsul-idarənin hökmranlığı bu janr üçün xarakterikdir» (4, s. 191). Məlik buradan keçəndə Xəzərə axıdılan kanalizasiyasının üfunətli qoxusundan burnunu tutur. O, üfunətli sahildən uzaqlaşanda Ərxanla rastlaşır. Onu buradan aparmasını istəyir. Əsərin bu hissəsi insana Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povestindəki Xortdanın çarın gəlmək xəbərini eşidib cəhənnəmdən çıxmaq istəməsi hissəsini xatırladır. Ərxan burada sanki zümrüd quşu rolunu oynayan obrazdır, o, ağ qoçu qara qoçdan seçməyi tövsiyə edir. Məlik irəliləyərək ağ qoça doğru çatmaq istəyir. Yazıçı əsəri 3 nöqtə ilə qurtarır. Çünki ağ qoça çatmaq üçün cəmiyyət daha da inkişaf edərək kamilləşməlidir. Anar utopik cəmiyyət haqqında əsas ideyasını bu cür messajlarla çatdırır: «Xəyallarımda yaşatdığım, bəlkə də görə bilməyəcəyim bu gələcək Azərbaycanımın isə yuxarıda anlatmağa, izah et-məyə çalışdığım beş təməl üzərində – İnsan Azadlığı, Milli Müstəqillik, sinfi, milli, irqi, dini, cinsi Bərabərlik, Türk Qardaşlığı, Xalqlar dostluğu – bünövrəsində du-racağını arzulayır, uca Tanrıdan diləyirəm» (2, s. 25). Yazıçı Məliyi mübariz qəh-rəman obrazında vermir. Çünki yazıçı əsas diqqəti cəmiyyət üzərində cəmləyib. Məlik Məmmədlinin cəmiyyət uğrunda hansı savaş və mübarizənin aparacağını yazıçı oxucuların öhdəsinə buraxır.


ABSTRACT
Pashayeva Aynura Niyaz
On novel Anar’s «White ram, Black ram»
The subject of novel Anar’s «White ram, black ram» is about the writer's thoughts on the fate of modern Azerbaijan. No longer in the utopian society created by the writer the Good took strong his victory as a flag. But still, anti-utopian society are under the influence negative, severe of russians, persians, europeans. Despite all this, the writer believes whenever there will be the Utopian life that the writer's desired.

РЕЗЮМЕ
Пашаева Айнура Нияз
О романе Анара  «Белый баран, Черный баран»
Основу произведения Анара «Белый баран, Черный баран» составляют размышления  писателя о судьбе современного Азербайджана. В созданном автором утопическом обществе Добро завоевывает прочную победу. Однако, антиутопическое общество все еще находится под сильным отрицательным влиянием русских, фарсов, европейцев. Несмотря на все это, писатель глубоко убежден, что созданный в его мечтах утопический мир рано или поздно воплотится в жизнь.

ƏDƏBİYYAT:

1. Abdulla B. Kitabi-Dədə Qorqudda rəng simvolikası.Bakı, Çaşıoğlu,2004,127 s.
2. Anar. Əsərləri. IV cild. Bakı, Nurlan, 2004, 503 s.
3. Azərbaycan ədəbiyyat tarixi. II cild. Bakı, Elm, 2007, 632 s.
4. Bəkirqızı (İsayeva) Pərvanə. Ağ qoç, qara qoç romanı. Utopiya və antiutopiya
paradiqmasından // Azərbaycan jurnalı, 2009, № 2, s. 187-192.
5. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, Sabah, 1995, 712 s.






Şərh göndərmək